Lügət

Debat nədir?


Debat-ingilis mənşəli söz olub “Debate”-“Müzakirə” anlamına gəlir. Yəni hər hansısa 2 və ya daha çox şəxs tərəfindən bir müzakirə predmeti-mövzu haqqında müzakirələrindən ibarətdir.

Debat haqqnda daha ətraflı:

Debat, iki və ya daha çox şəxs arasında müəyyən bir mövzu üzrə əks fikirlərin qarşılıqlı müzakirəsi və mübahisəsi prosesidir. Debat zamanı tərəflər öz arqumentlərini təqdim edir, qarşı tərəfin arqumentlərini tənqid edir və müxtəlif sübutlar və məntiqi əsaslandırmalarla öz mövqelərini müdafiə edirlər. Debatlar adətən müəyyən qaydalar çərçivəsində aparılır və məqsəd nəinki digər tərəfi inandırmaq, həm də dinləyicilərə və ya hakimlərə öz arqumentlərinin düzgünlüyünü göstərməkdir. Debatlar təhsil sistemində, siyasətdə, hüquqda və digər ictimai sahələrdə geniş istifadə edilir.

Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir.

Debat hər şeydən əvvəl, əks fikirli insanlar üçün ziddiyyətli məsələlərin mənfi rəy, təhqir olmadan müzakirəsi yoludur. Debatın əsas fərqli xüsusiyyəti budur ki, nadir hallarda razılaşma ilə bitir, daha çox, həmin məsələnin ciddi analizinə imkan verir.

Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır.


Debat nə üçündür ?


Debatların zəruriliyinə dair müxtəlif fikirlər mövcuddur. Ən əsası odur ki, debat aparmaq bacarığı hər bir gəncə gündəlik həyatda lazımdır. Gəncin tənqidi təfəkkürünün inkişaf etdirilməsinə debat kömək edir.

Debatın növləri:

Parlament debatı

Parlament debatının reqlamenti ingilis parlamentindəki qaydalar üzrə qurulmuşdur, burada tərəflər hökumət və opponent olur. Parlament debatları hazırda bir çox ölkələrdə oynanılır və Birləşmiş Krallıq, Hindistan, Yunanıstan kimi ölkələrdə əsas oynanılan debat növüdür. Bu növ özü də alt növlərə ayrılır:

Britaniya Parlament debatı.

Kanada Parlament debatı.

Oksford debatı

Bu debat növündə də təsdiq və inkar olmaqla iki komanda iştirak edir. Qalib isə auditoriya arasında səsvermə yolu ilə seçilir. Oyundan qabaq auditoriya arasında mövzunun lehinə, əleyhinə və ya bitərəf olma haqqında sorğu keçirilir. Sonradan hər bir panelist (spikerlər belə adlanır) öz mövqeyinə dair yeddi dəqiqəlik çıxış edir , bunun ardıyca isə moderator vasitəsilə auditoriya panelistlərə öz suallarını ünvanlayır. Sonda isə hər bir panelist iki dəqiqəlik son çıxışı edir və auditoriya arasında yekun səsvermə keçirilir.

Meys debatı

Debatın bu növü İngiltərədə məktəblilər arasında məşhurdur. Oyunda iki komanda və hər komandada iki oyunçu olur. Təsdiq tərəf hər hansı bir təkliflə çıxış edir (Məsələn, bu palata hesab edir ki, məhbuslara səsvermə hüququ verilməlidir), inkar tərəf isə bunun əleyhinə çıxmalıdır. Müəyyən edilmiş ardıcıllıqla (Təsdiq 1, İnkar 1, Təsdiq 2, İnkar 2) spikerlər hər biri yeddi dəqiqəlik çıxış edir. Hər çıxışın beşinci dəqiqəsindən sonra opponent komanda üzvləri spikerə sual vermək hüququna malikdirlər, təbii ki spikerin də buna razılığı olmalıdır. Belə suallar adətən komandanın zəif nöqtəsindən vurmaq, ya da spikerin dediyi hər hansı fakta qarşı çıxmaq üçün verilir. Yuxarıda xatırladılan dörd çıxış bitdikdən sonra auditoriya komandalara öz suallarını ünvanlayır. Sualların ardıyca hər komandadan bir spiker (bu adətən 1-ci spiker olur) 4 dəqiqəlik çıxış edir. Bu yekun çıxışda auditoriyanın verdiyi suallara cavablar, eləcə də mövqeyin yekun əsaslandırılması öz əksini tapır. Debatın bu formatında analitik bacarıqlar, xüsusi tərz, arqumentlərin güclülüyü əsas götürülür.

Ces debatı

Debatın bu formatı İrlandiyada orta məktəb səviyyəsində keçirilir. Yarışda 5 spiker iştirak edir. Bunların dördü iki-iki komanda şəklində, biri isə hər iki tərəfdə yarışır. Çıxışlar 4 dəqiqə, 30 saniyə çəkir, son 30 saniyə ərzində opponentin sual istəkləri qəbul olunmur.

İctimai debat

Beynəlxalq İctimai Debat Assosiası 1997-ci il, fevralın 15-də Texasda St. Mary Universitetində yaradılmışdır və hazırda ABŞ-nin Arkanzas, Luiziana, Kanzas, Alabama,Texas,Missisipi,Vaşinqton,Oreqon,Florida, Oklahoma ştatlarında məşhurdur. Bu assosiasiya universitetlər arasında ən sürətlə yayılan debat cəmiyyətidir. Bu formatda faktlardan çox ictimai təqdimat bacarıqları əsas rol oynayır və hər spiker hakimi öz mövqeyinə inandırmağa çalışır, hər turnirin sonunda ən yaxşı spikerlər mükafatlandırılır. Belə debatlar həm komanda şəklində, həm də individual şəkildə olur. Mövzu siyahısı oyundan 30 dəqiqə qabaq spikerlərə təqdim olunur, birgə danışıqlar nəticəsində mövzulardan biri seçilir. Tərəflər təsdiq və inkar olmaqla ikiyə bölünür, oyun spikerlərin açılış nitqləri ilə başlayır, çarpaz suallarla müşayiət olunur və yekun nitqlə bitir. Debatın bu formatı universitet səviyyəsində keçirilir.

Avstralasiya debatı

Debatın bu növündə də iki komanda iştirak edir. Mövzuların tipi regiondan regiona fərqlənir, aktual və hamını maraqlandıran mövzulara üstünlük verilir. Hər komanda 3 spikerdən ibarət olur və hər spikerin komandada öz mövqeyi olur. Məsələn, 3-cü spiker Komandanın Kapitanı adlanır və opponentin arqumentlərini bir-bir təkzib etmək səlahiyyəti var. Sonda isə 1-ci spikerlər yenidən çıxış edirlər, lakin yeni fakt təqdim edə bilməzlər. Bu format adətən məktəb səviyyəsində keçirilir.

Asiya debatı

Birləşmiş Asiya Debat Çempionatı Asiyada  ən böyük debat turniridir və burada Orta Şərqdən tutmuş Yaponiyaya  kimi bütün ölkələrdən komandalar iştirak edir. Əsas iştirakçılar Cənub-Şərqi Asiya  ölkələrindən olduğu üçün turnirlər də əsasən bu ölkələrdə keçirilir.

Asiya debatı Avstralasiya debatı ilə oxşarlıq təşkil edir. Yeganə fərq ondadır ki, spikerlərin çıxış müddəti 7 dəqiqədir , eləcə də 1-ci və 7-ci dəqiqələrdə spikerə sual vermək qadağandır. Oyun “Baş Nazir”in çıxışı ilə başlayır və Opponent liderinin çıxışı ilə müşayiət olunur. Sonuncu çıxışda isə əvvəlcə opponent üzvü, daha sonra isə hökumət üzvü çıxış edir. Hökumət üzvünün çıxışı 4 dəqiqə davam edir və bu çıxış zamanı ona sual verilmir.

Siyasət debatları

ABŞ-da keçirilir və həm də çarpaz suallar debatları da adlandırılır, belə ki, hər çıxışdan sonra 3 dəqiqəlik çarpaz suallar roundu olur. Təsdiq komanda layihə hazırlayır, inkar isə sübut etməyə çalışır ki, layihə yararsızdır və yaxşı təşkil olunmayıb, ya da çox baha başa gəldiyi üçün həyata keçirilə bilməz.

Hazırlıqsız çıxışlı debatlar

Burada hər biri iki nəfərdən ibarət iki komanda iştirak edir və oyuna əvvəlcədən hazırlıq olmur. Çıxışlar ardıcıl olaraq təsdiq 1, inkar 1, təsdiq 2, inkar 2 şəklində sıralanır. Bu çıxışların hər biri 6 dəqiqəlikdir və hər çıxışdan sonra çarpaz suallar raundu baş tutur. Daha sonra yenidən birinci spikerlər, ardıyca isə ikinci spikerlər 4 dəqiqəlik təkzib çıxışı edirlər. Təkzib zamanı yeni arqumentlər verilmir.

Linkoln-Duqlas debatı

Bu debat formatı ABŞ ali məktəblərində keçirilir. Yarışda bir nəfər bir nəfərə qarşı yarışır və müzakirə əsasən real ümumdünya problemlərinə fəlsəfi nəzəriyyələrin cəlb olunması üzərinə fokuslanır. Tərəflərdən biri qətnaməni hazırlayır, digəri isə bu qətnaməyə “hücum edir”. Bu format siyasət debatlarına alternativ olaraq yaradılsa da, onun bir çox taktikalarını mənimsəmişdir, lakin burada yazılı fakt təqdim olunması Siyasət Debatlarına nisbətən az tələb olunur. Siyasət və Linkoln-Duqlas debat turnirləri adətən eyni universitetlərdə ardıcıl keçirilir.

İstifadə olunmuş mənbə: https://az.wikipedia.org/wiki/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button