Ədəbiyyat nəzəriyyəsinə aid termindir.
Sarkazm (yun. (sarkasmós)-parçalamaq deməkdir.
Sarkazm haqqında daha ətrafı
Bədii ifadə vasitələrindən biri olan kinayənin daha kəskin formasıdır. Ədəbiyyatda sarkazma təriz də deyilir. Tənqid hədəfi olan obyektə qarşı öldürücü gülüş formasıdır. Cəmiyyətdə, insan xarakterində və əməllərindəki nöqsanlara münasibətini sənətkar açıq, satirik mahiyyətli kəskin gülüşlə ifadə edir. Sarkazm komik məzmunlu bədii vasitə kimi istehzaya çox yaxındır, lakin istehzadan fərqli olaraq, sarkazmda yüksək emosional münasibət, inkarçı mövqe, qəti etirazın yüksək pafosla ifadəsi əsasdır.
Sarkazmda istehza və tənə kinayəyə (ironiya) nisbətən daha güclü və öldürücü olur. İfşa və amansızlıq sarkazmın əsas xüsusiyyətləridir.
Ay zamana, zamana,
Oxu qoydum kamana,
Eşşəklər arpa yeyir,
At həsrətdir samana.
Verilən bayatıda bərabərsizlik, haqsızlıq sarkazm vasitəsilə tənqid olunub.
Digər nümunə:
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi mənə nə fələliyin badə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!(M.Ə.Sabir)
Şair burada əkinçinin halına yanmayan, onun əməyini istismar edən mülkədarları sarkazm atəşinə tutmuşdur.
C.Məmmədquluzadənin “Ölülər” əsərində Kefli İsgəndərin Şeyx Nəsrullah və onun yanında olan cahillərə dediyi sözlər sarkazmın tipik nümunəsidir: “Bəli, bəli, bunlar elm dəryasıdır. İndi də ki, inşallah, siz cənabdan da ölü diriltmək elmini öyrənərlər, onda dəxi lap alim olarlar”.